UEFA “Neftçi”nin Konfrans Liqasındakı üçüncü təsnifat mərhələsində “Beşiktaş”la ilk matçının yerini dəyişib. Bu isə başqa bir problem yaratdı.
İnfoSport.Az saytı xəbər verir ki, bakılılar avqustun 10-da ilk oyunu səfərdə keçirəcəkdi. Amma həmin gün İstanbulda “Fənərbağça”nın da “Maribor”la (Sloveniya) oyunu olduğundan UEFA belə qərar verib. Mövcud qaydalara əsasən, bir şəhərin iki komandasının matçları eyni turnirdə eyni günə düşsə, oyunların məkanlarında yerdəyişmə ola bilər.
Maraqlıdı ki, UEFA İstanbulla bağlı problemi həll etməklə Bakıya problem yaratdı. Çünki eyni gündə “Qarabağ” Avropa Liqasında HİK-i (Finlandiya), “Sabah” “Partizan”ı (Serbiya) qəbul etməlidir. Artıq UEFA oyunların yerini və vaxtını təsdiq edib. “Qarabağ”la “Sabah”ın matçı saat avqustun 10-u saat 20:00-da, “Neftçi”nin matçı isə saat 21:00-da başlanacaq.
Lakin bu durum AFFA-nın və klublarımızın diqqətindən yayınmayıb. Əldə etdiyimiz məlumata görə, hazırda UEFA ilə danışıqlar aparılır. Hansısa komandamızın ilk matçı səfərdə keçirməsini razılaşdırmaq mümkün olmasa, ya “Sabah”, ya da “Neftçi” rəqibini avqustun 9-da qəbul etməli olacaq.