Azərbaycan millisi uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq.
İnfoSport.Az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri EURO-2024-ün seçmə mərhələsində Avstriya ilə görüşünü ölkənin bir nömrəli arenasında keçirəcək.
Oktyabrın 16-da təşkil olunacaq matçla millimiz 6 illik həsrətdən sonra “Tofiq Bəhramov”a qayıdacaq. Komandamız ən çox oyun keçirdiyi arenada sonuncu dəfə 2017-ci ildə meydana çıxıb.
Həmin vaxt oktyabrın 6-da DÇ-2018-in seçmə oyunundakı rəqib Şimali İrlandiya olub. Millimiz bu görüşdə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, yığmamız EURO-2024-ün ilk ev oyununu “Dalğa Arena”da Estoniyaya qarşı (1:1) keçirib. Qarşıdakı Belçika ilə seçmə, İordaniya ilə yoldaşlıq matçları da Mərdəkandakı bu stadionda təşkil olunacaq.