Azarkeşlər avrokuboklarda ölkəmizi təmsil edəcək 4 klubla yanaşı ev sahibi qismində daha 2 komandanın oyunlarını canlı izləyə bilər. Buna səbəb Belarus təmsilçilərinin Bakıda oynamaq istəyidir.
İnfoSport.az xəbər verir ki, Ukrayna müharibəsi üzündən evdə oynamaqlarına qadağa qoyulan Belarus klubları rəqiblərini neytral meydanda qəbul etməyə məcburdur. Belədə onlardan ikisi matçlarını keçirmək üçün Azərbaycanı məkan seçib. Daha doğrusu, bunu arzulayırlar.
Əldə etdiyimiz məlumata görə, Konfrans Liqasında mübarizə aparan Minsk “Dinamo”su və “Neman” bu barədə AFFA-ya müraciət edib və şərait yaradılmasını xahiş edib. Futbol qurumumuz Belarus təmsilçilərinə ən qısa müddətdə cavab verməlidir.
Xəbəri dəqiqləşdirmək üçün AFFA-nın baş katibi Sərxan Hacıyevlə əlaqə saxladıq. Həmsöhbətimiz informasiyamızı təsdiqlədi: “Belə bir müraciət olub. Minsk “Dinamo”su və “Neman” avrokubokda ev oyunlarını Bakıda keçirmək istəyir. Hazırda müraciətlərə baxırıq, aidiyyatı üzrə məsləhətləşmələr aparırıq. Qısa zamanda cavabımızı bildirəcəyik”.
Bizimkilərin Belarus klublarına verəcəyi cavab təkcə AFFA-dan asılı deyil, burada futboldankənar bir çox nüanslar nəzərə alınmalıdır. Həm də eyni günlərdə öz komandalarımız da meydana çıxacağından məşq və oyunlar üçün stadion, meydança problemləri və s. ola bilər. Respublika Stadionu təmirdədir, Bakı Olimpiya Stadonu “Qarabağ”ın, “Bakcell Arena” “Neftçi”nin ixtiyarında olacaq. “Qəbələ” doğma meydanda oynayacaqsa, “Sabah”ın rəqiblərini Masazırda qəbul edəcəyi dəqiqləşməyib, “bayquşlar” hazırda boş olan “Dalğa Arena”nı sifariş edə bilər. Yalnız ev və səfər oyunları fərqli həftələrə düşərsə və Belarus təmsilçiləri rəqibləri ilə oyunların yerini dəyişməyə nail olarsa, vəziyyət dəyişə bilər.
Püşkə əsasən, “Neftçi” və “Sabah” iyulun 27-də ilk matçını səfərdə, “Qəbələ” evdə keçirəcək. Avqustun 3-də isə “Qəbələ” səfərə çıxacaq, bakılılar evdə oynayacaq. “Qarabağ” Çempionlar Liqasında məğlub olarsa, bu ərəfəyə düşən oyunları buraxacaq, növbəti oyunu III təsnifat mərhələsində keçiriləcək. “Linkoln” məğlub ediləcəyi halda isə ağdamlılar Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarını iyulun 25-26-da səfərdə, avqustun 1-2-də evdə oynayacaq.
Lakin məsələ ondadır ki, Minsk “Dinamo”sunun “Jelezniçar”la evdə keçirməli olduğu oyun iyulun 20-ə təsadüf edəcək. Çünki bu komandalar I təsnifat mərhələsindən mübarizəyə başlayır. Daha bir maraqlı məqam Belarus təmsilçisinin “Neftçi”nin potensial rəqibi olmasıdır. Minsklilər Bosniya və Hersoqovina təmsilçisini keçsə, hər iki oyunu Bakıda reallaşacaq. Onlar məğlub olsa, “Jelezniçar” iki həftə ərzində iki dəfə ölkəmizə gəlməli olacaq.
“Neman”a gəlincə, qrodnolular Lixtenşteyn “Vaduts”unu iyulun 20-də ölkəmizdə qəbul etmək istəyirlər. İki oyunun nəticəsinə görə qalib olsalar, Belarus təmsilçisi “Balzan” (Malta) – “Domjale” (Sloveniya) cütünün qalibi ilə də ölkəmizdə görüşəcək.
Prinsipcə, ilk mərhələdə stadion probleminin olacağı gözlənilmir. Amma “Dinamo” və “Neman” mərhələ adlasa, bizim klubların da mübarizəyə qoşulacağı II mərhələdə vəziyyət dəyişə bilər. Təqvimə baxmaq, oyunlar üst-üstə düşəcəyi halda təqvimə əl gəzdirmək olar. Xüsusilə “Neftçi”nin potensial rəqblərinin Bakıda üz-üzə gəlməsi maraqlı alınardı.
Bu komandaları səfərləri maliyyə baxımından sərfəlidir. Ölkəmizdəki stadionlardan, məşq meydançalarından, otellərdən istifadə etmələri qazanc əldə etməyimiz deməkdir. Onlardan hansısa qrup mərhələsinədək irəliləsə, Avropanın tanınan klubları da Bakıya gələ bilər. Çünki belaruslulara “hə” deyilsə, onlar sonradan məkan dəyişməli olmayacaq, əksinə, azarkeşləri ölkəmizə axışacaq.
Di gəl ki, bu müraciətə cavab verərkən başqa məqamlar da nəzərə alınmalıdır. Yəqin ki, AFFA da aidiyyatı qurumlarla məsləhətləşmələri məhz buna görə aparır.