"Neftçi"nin futbolçusu: "Qarabağ" mənim üçün darıxır"

"Neftçi"nin futbolçusu Donald Gerye Premyer Liqanın VII turunda "Səbail"i məğlub etdikləri (2:1) oyundan sonra brifinq keçirib.

"Report" xəbər verir ki, cinah müdafiəçisi öncə bunları söyləyib: "Formaya düşməyin yeganə yolu çox çalışmaqdır. Bunu son müsahibəmdə də demişdim. Çox çalışdıq və bu gün nəticəni gördünüz".

- Komandanın oyunundan razı qaldınız?

- Təbii ki, biz qalib gəldik. Narazı ola bilmərəm. Əgər heç-heçə etmiş olsaydıq, xoşbəxt olmazdıq. Qələbə qazandıq və buna görə meydana çıxmışdıq.

- Komandaya uyğuğlaşmaqda probleminiz yoxdur? “Qarabağ” üçün darıxmırsınız?

- Məncə, “Qarabağ” mənim üçün darıxır (gülür).

- “Qarabağ”ın oyunlarını izləyirsiniz?

- Əlbəttə. Mən bu klubda oynamışam. Avropadakı oyunlarını izləyirəm.

- “Neftçi” qol burxadıqdan sonra müdafiədə oturdu. Bu komandanın öz meydanında müdafiəyə çəkilməsi nə deməkdir?

- Mən deməzdim ki, qorxurduq. Biz də insanıq, yorula bilərik. Sona qədər vuruşduq, layiqli qələbə qazandıq.