Azərbaycan Premyer Liqasının III turunun "Qarabağ" - "Araz-Naxçıvan" oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
İnfoSport.Az saytı xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...
- Çox gərgin oyun oldu, vacib üç xal qazandıq. Çox açıqlama vermək istəmirəm. Elə indi futbolçularıma bildirdim ki, qrafikimiz elədir ki, bundan da gərgin oyunlara çıxa bilərik. Futbolçuların hazırlığında qeyr-stabillik var. Bəziləri avrokuboklarda, bəziləri çempionatda oynayır. Bir neçəsi də zədə səbəbindən kənardadır. Buna baxmayaraq, futbolçularım xarakter göstərir, onların daha da böyüdüyünü görürəm. Sıx qrafik bizim üçün faydalı olacaq.
- Yeni transfer Andrey Lunyovdan gözləntiləriniz nədir? Şahruddin Məhəmmədəliyevin əsas heyətdəki yerini itirəcəyini proqnozlaşdırmaq olar?
- Lunyovla xeyli vaxt idi ki, danışıqlar gedirdi. Sadəcə son 7-8 ayda oyun təcrübəsi çatmır. Dünən ilk məşqimiz oldu. Hazırlığı tam yaxşı səviyyədə deyil. Kimin əsas qapıçı olması onların özlərindən asılı olacaq. Lunyova ümidlərimiz böyükdür. Karyerası haqda açıqlama verməyə ehtiyac yoxdur. Yaxşı klublarda, yaxşı liqalarda oynayıb. Qarşıdakı günlərdə hər şey bəlli olacaq. Onu çoxdan istəyirdik.
- "Qarabağ" bu gün çox güc sərf etdi. Bunu avrokubok oyunuöncəsi hazırlıq baxımından faydalı hesab etmək olar?
- Faydası olacaq. Sona kimi mübarizə aparmaq, sona qədər açıq oynamaq və sonda qol vurmaq oyunçulara inam verir. Təki faydası çox olsun. Hər bir halda, iki gün əvvəl Bakıya qayıtmışıq. Beş saatdan çox havada olmuşuq. Oyundan sonra istirahət etmək heç də asan deyil. Bu gün də oyun saat 6-da oldu. HİK-lə oyundan üç sutka keçməyib. Başa düşürük, oynamaq bizim borcumuzdur. Çalışırıq ki, işimizə məsuliyyətlə yanaşaq. Rotasiyalar edirik, əlimizdə olanlarla oynamağa çalışırıq. Bədavi Hüseynov və Kevin Medinanın ağrıları var idi.
- "Olimpiya"nı araşdırmısız? İlk matçın səfərdə olması sizin üçün üstünlükdür?
- Ola bilər. Bəzən ilk oyun evdə olur, fayda verir. Futbol elə nöqtəyə gəlib ki, səfər və ev fərq etmir. İnşallah faydalı olar.
- Beş il əvvəl "Olimpiya" ilə oynamısız...
- Onda heç də asan olmamışdı. İndiki "Olimpiya" tam fərqlidir. Sxem dəyişib, fərqli futbola üstünlük verirlər. Baş məşqçiləri də portuqaldır, xeyli sayda legioner də bu ölkədəndir. Portuqal və ispan futboluna daha yaxın sistemdə oynayırlar. Əvvəlki ilə indikinin çox fərqi var. İnanıram ki, hər iki oyun maraqlı olacaq.
- Bəhlul həmin oyuna qədər hazır olacaq?
- Ola bilər, bu gün ağrıları azalmışdı. Sabahkı məşqdən sonra durumuna baxacağıq.
- "Sabah" və "Neftçi" avrokuboklarda mübarizəni dayandırdı, yoluna davam edən tək komanda sizsiz. Əlavə məsuliyyət var?
- Bizdə məsuliyyətin olmadığı vaxt yoxdur. "Qarabağ"ın elə adı var ki, burada mütləq məsuliyyət olmalıdır. Bunu rəhbərlik də bizə bildirir. İldən-ilə bizdən gözləntilər çoxalır. Amma ümumən "Sabah" və "Neftçi" uduzsa da, layiqli oyun göstərdilər. Oyunlarına baxdım. "Neftçi"yə daha ciddi rəqib düşdü. "Partizan"ın illərdir təcrübəsi var. İkinci hissəyə tam baxdım. Uduzsalar da, yaxşı oynadılar. Bu amil məsuliyyətimizi daha da artıra bilər. Stimul həmişə var. Hamı "Qarabağ"lı olacaq. Biz də çalışacağıq ki, maksimum güc sərf edək ki, onları sevindirək.
- Mətbuatda daha bir transferin olacağı iddia olunur. Bu haqda nə deyə bilərsiniz?
- Ola bilər ki, transfer olsun. Çünki transfer pəncərəsinin bağlanmasına bir neçə gün var. Əgər düşündüyümüz mövqeyə oyunçu tapsaq, edəcəyik.
- Lunyovun hazırkı durumuna əsasən demək olar ki, ondan qrup mərhələsində faydalanacaqsız...
- Bir neçə gün vaxtımız var. Oyunqabağı məşqimiz oldu. Sabah və birigün məşqimiz olacaq. Məşqlərdə baxacağıq. Təcrübəsi ona kömək edə bilər. Hazırlığı mənim üçün vacib olacaq. Qapıçı məşqçiləri ilə də danışacağıq. Get-gedə qarşıdakı oyunlarda öz idman formasını geri qaytarsa, istifadə edəcəyik.
- Adı klubla hallanan Mateus Barbosanın Bakıda olduğu deyilir...
- Düşündüyümüz transferlərdən Bakıda olanları yoxdur.
- Qaspar Panadero komandada qalacaq?
- Ayrılmaq qərarına gəlmişik. Əvəzedici komandadır. Sadəcə komanda taptıqda, buraxa bilərik. Yoxdursa, onun hüquqları var. Sona qədər məcburuq ki, müqaviləsinə əməl edək. Amma özünə bildirilib ki, komanda tapsa buraxacağıq.
- Legioner futbolçu transfer ediləndə, rüsum ödənilir. Milli üzvlərinə görə rüsum lazım deyil. Sizdə isə 15 legioner var ki, onlardan cəmi 5-i milli üzvüdür. Bu mənada, PFL-in rüsum məsələsi "Qarabağ"ın transfer siyasətinə ciddi təsir edir? Daha çox milli komanda üzvlərini axtarmağa sizi məcbur edir?
- Maliyyə məsələləri mənə aid deyil. PFL-in bayrağı altında çıxış ediriksə, nizamnaməyə əməl etməliyik. Amma bəzən elə olur ki, düşünmədiyim transfer olur. Rüsuma görə yox, amma milli üzvlərinə üstünlük veririk. Onların təcrübəsi, daim beynəlxalq oyunlarda iştirak etməsi bizə fayda verir. Bu transfer siyasətimizə problem törətmir.
- Adama Diakabidən razısız?
- Belə oyunlar futbolçuya və mənə ümid verir. Baxmayaraq ki, iki oyunda qol vurub, bu gün də onun idman formasından razı deyiləm. Böyük potensiala malikdir, böyük liqalarda oyanyıb. Bu, davamlı olacaqsa, niyə də ondan istifadə etməyək? İnsanın özündən, peşəkarlığından da çox şey asılıdır. Daim çalışmalıyıq ki, stabilliyi qoruyub-saxlayaq. Üç oyunda qalib gəliriksə, 4-5 ci oyunda uduzmaq limitimiz var, belə deyil. Stabilliyi saxlasa, avrokuboklarda da oynamaq ehtimalı var.
- Artıq 4 qapıçınız var. Onlardan hansısa icarəyə veriləcək?
- Heç bir klubla danışıq getmir. Bəzən hansısa oyunçu daim oynamaq istəyir. Olsa, bunu nəzərdən keçirəcəyik. Olmasa da, hər dörd qapıçı bizimlədir.
Qurban Qurbanov: “Özünə bildirilib ki, komanda tapsa buraxacağıq.”
ÜRFAN MƏMMƏDZADƏ