"Neftçi"nin yeni transferi Qara Qarayev klubun bu gün “Procter&Gamble” şirkətilə sponsorluq müqaviləsinin imzalanması mərasimində yerli mediaya geniş müsahibə verib. İnfoSport.Az saytı həmin müsahibəni təqdim edir.
"Həmin üç dəqiqə məni nələrsə düşünməyə vadar etdi"
- “Qarabağ”da bu mövsüm avrokuboklarda oynadığına görə, “Neftçi”yə Konfrans Liqasının matçlarında kömək edə bilmədin. Yəqin ki, bunun da üzüntüsü var?
- Əlbəttə, “Neftçi”yə kömək edə bilməməyin üzüntüsünü yaşayıram. Çünki oyunçu qıtlığı və zədəlilərin olduğu durumda “Neftçi”nin yanında olmalıydım. Olmayacağıma üzülmüşdüm. Çünki bura gələndə bəzi şeyləri planlaşdırmışdı. “Qarabağ”da bu mövsüm avrokuboklarda oynadığıma görə bilirdim ki, reqlamentə əsasən mümkün deyil. “Neftçi” də bunu bilirdi. Qərardı da, necə qərardı, bilmirəm. Hər halda, 3-5 dəqiqəyə görə, burada oyunlarda oldum. Sözsüz ki, fiziki və psixoloji durumumu daha da yaxşılaşdıra bilərdi. Buna baxmayaraq, hər şeyə hazıram, edəcək bir şey yoxdur.
- Belə çıxır ki, “Linkoln”- “Qarabağ” matçında meydana çıxanda ayrılıq barədə düşünmürdün?
- Həmin üç dəqiqə məni nələrsə düşünməyə vadar etdi. O dönəmdə ayrılmaq barədə fikirlər yox idi. Sadəcə az şans tapdıqdan sonra oturduq, danışdıq, məsləhətləşdik.
- “Qarabağ”dan ayrılığın böyük müzakirələrə səbəb oldu. Gedişinə səbəb nə idi? İnciklik var?
- Yaş gedir, düşünürəm ki, 4-5 ildən sonra geri qayıdıb, oynamaq qabiliyyətimi bərpa edə bilməyəcəm. Fatih Terimin bir sözü mənim üçün hər zaman simvol olub: "mənfəətlərim xarakterimin önünə keçməyib". Mənim də xarakterim dedi ki, oynamaq istəyirsən, çalışdım bu fürsətdən istifadə edim. Heç kimdən, klubdan incikliyim yoxdur, münasibətlərim normaldır. Qurban Qurbanovun özü ilə 2-3 gün ardıcıl söhbətlərim oldu. Mənə məsləhətlər verdi, tövsiyyələr etdi, qarşılıqlı fikirlər oldu.
- Vaxtı ilə “Matç TV” kanalına müsahibəndə demişdin ki, “heç vaxt “Qarabağ”dan getmərəm və bu komandada qalıb məşqçi kimi işləyərəm”. Bəs səni nə vadar etdi getməyə? “Neftçi”də oynadıqdan sonra “Qarabağ”a qayıdıb işləməyin mümkün olar?
- Gələcəklə bağlı heç bir vəd verə bilmirəm. Bəlkə də, iki ildən sonra futbol sahəsində olmadım, ya həyatda olmadım. Vəd verə bilmirəm. Doğrudur, həmin fikirləri demişəm. Nə vaxtsa, futbol qabiliyyətim bitir, klub məni hansısa hörmətinə görə saxlayırsa, onda getməzdim. Amma hələ 2-3 il yaxşı səviyyədə oynaya bilərəm. Ona görə də, istəmədim ki, arzularımın qarşısını alım. “Qarabağ”la qarşılıqlı bir-birimizə lazım olan hər şeyi vermişik. “Qarabağ”da 15 il əsas karyeram olub, 18 il ümumi. Bu illər ərzində alacağımızı-verəcəyimizi tamamlamışıq. Keçən ildən az şans tapırdım. Qurban Qurbanovla məsləhətləşdik, buna qərar verdim.
"Neftçi"yə gəlməyimdə Emin Mahmudovun əməyi çoxdur"
- Niyə məhz “Neftçi”? Başqa kluba getsəydin, azarkeşlər daha sakit qarşılayardı....
- Bu, “Qarabağ”ın və “Neftçi”nin başına gələn ilk təcrübə deyil. Hər iki komandada oynayanlar olub. “Neftçi”yə gəlməyimdə Emin Mahmudovun əməyi çoxdur. Dedi ya dostunu itirəcəksən, ya da komanda qazanacaqsan. Mən də çalışdım ki, dostumu qazanım. Bura gəlməyimdə dost amili əsas faktlardan biri deyildi. “Neftçi” camiəsi böyükdür, Azərbaycan futbolunun təməli və başlanğıcıdır. Tribunaların coşqulu olması, məni işimə daha çox bağlayıb, həvəsləndirə bilər. Qərarımın daha böyük qisminə təsir edən isə "Neftçi" idi.
- Deyilənlərə inansaq, mətbuatda Canni De Byazi haqda işlətdiyin fikirlərdən “Qarabağ”da az-az oynamağına səbəb olan məsələlərdəndir. Doğrudur?
- Vallah bilmirəm. Kiminsə qərarlarını sizə də çatdıra bilmərəm. Bu məsələlərdə sizdən daha az məlumatlıyam. Canni De Byazi milliyə çağırmadı, buna hörmətlə yanaşdığımı bildirmişdim. Dəvət etməməsini də normal qarşılayıram. Onunla aramızda elə də böyük problem olmamışdı. Sadəcə mediada alovlandı, nə baş verdiyini heç özüm də dərk etmədim. Həm millidə, həm “Qarabağ”da vicdanla çalışmışam. Heç kim mənə deyə bilməz ki, işimdə məsuliyyətsizlik, diqqətsizlik, qadağan olunmuş əməl etmişəm. Çalışmışam ki, layiqli olum. Futbolçu olaraq bizim kuliminasiya nöqtəmiz azarkeşlərlə sağollaşmağımızdır. O olmayanda, futbolçu özünə qapılır. “Qarabağ” və millimizin azarkeşləri ilə sağollaşıb, vidalaşmaq olardı, ancaq qismət deyilmiş. Bu məsələlər məni böyüdür, daha xarakterli, mübariz edir. Edəcək bir şey yoxdur. Gələcəyə fokuslanıram. Keçmiş keçmişdə qaldı.
- "Neftçi”nin “Qarabağ”la ilk oyunu sənin üçün Ağdam klubuna yenidən özünü təsdiqləmək anı olacaq?
- Bu şeyləri düşünmürəm. Məğlub da ola bilərik, qalib də gəlmək mümkündür. Bu şeylər mənim həyat fəlsəfəmə müdaxilə etməyəcək. Hər şeyə normal və idman prinsipləri ilə baxıram. Gəldiyim gündən qərarımda, fikrimdə yalnış etdiyimi düşünməmişəm. Tərəddüdüm yoxdur. Düşünürəm ki, hər şey karyeram üçün yaxşı olacaq.
- Milli ilə vidalaşmaqdan danışdın. Belə çıxır ki, millidən əlini üzmüsən?
- Yox. Karyeramın ən önəmli, yaxşı vaxtlarıdır, amma orada yoxam. Bunun üzüntüsünü yaşayırıq.
"Qurban müəllimlə danışdıq, sonuncu gün qucaqlaşdıq, bir-birimizə uğurlar arzuladıq"
- Qurban Qurbanovla söhbətin necə keçdi və nə məsləhətlərini verdi?
- Uzun illər bəzi şeylər öyrənmişik ki, hər şey öz aramızda qalsa, daha yaxşıdır. Bəzən media üçün işləmirik. Baxıram, yazırlar ki, “Qurban Qurbanovla arasında problem oldu, onun fotosunu instaqramda yerləşdirmədi, filan”. Amma biz instaqram, sosial şəbəkə üçün yaşamırıq. Qurban müəllimlə danışdıq, sonuncu gün qucaqlaşdıq, bir-birimizə uğurlar arzuladıq. Amma bunu müsahibədə deməyi özümə rəvac bilmirəm. O da bilir, mən də bilirəm ki, necə ayrılmışıq, hər şey qaydasındadır. Amma bəzi məlumatlar yayılır. Onları təkzib etmək üçün nəyəsə çalışmıram. Bəlkə də, bəzi media qurumlarının marağı var ki, nəyisə alovlandırsın, amma biz hər şeyi normal etdik, Qurban Qurbanova, mənə, “Qarabağ”a yaraşan şəkildə ayrıldıq, bitdi hər şey.
- Yenidən milliyə qayıtmaq haqda nə fikirləşirsən?
- Mən də ona çalışıram. Bütün konfliktləri beynimdən atmışam. İstər Canni De Byazi, istər digər adamlarla. Sadəcə işimə fokuslanıram. Əgər dünənə qədər məni burada istəməyən adam yenə çağırsa, yenə canla-başla oynayacam. Milli bizimdir də. Orada olmamağım, özümə və gələcək nəsillər üçün xəyanətdir. Çünki orada qazandıqlarımızı ötürəcəyik. Azərbaycan millisində olmalıyam və orada olmaq üçün çalışacam.
- Ayrılıq xəbərinlə bağlı “Qarabağ”ın paylaşımı da müzakirələrə səbəb oldu. Bu barədə inciklik oldu?
- Daha fərqli bir şey gözləyərdim. Problem yoxdur. Bəzi məsələlər varki, səni ona qarşı daha immunitetli edir. Bundan sonra mənə kim elə etsə, gedişimi qara xəbər qoysa, mənim üçün təəccüblü gəlməz. Bir az fərqli bir şeylər istəyərdim. Çünki “Qarabağ”la bağlarımız adi olmayıb. Hətta qeyd etmişdim, “Ulduz” metrosundan çıxdığım an yadımdadır. Ondan bazadan çıxdığı vaxtı 5-6 saniyəyə sıxdırdım. Ömür uzun deyil. Qısa zaman 18 il sıxdırmaq böyük uğur idi. Özü də, hər il heyətdə oynamağa çalışmışam. Ehtiyatda oturmamışam, daim uğurlarda payım olmağına cəhd etmişəm.
- “Neftçi”də yeni durumun necədir? Adaptasiya olmusan və “Qarabağ”dan ayrılığını unutmusan?
- Çoxdan unutmuşam. Ayrılıqlar mənim üçün yaddaqalan deyil. “Neftçi” yeni gələcək qurulur. Adrian Mutunun və yeni oyunçuların dəvət almasından, yaxşı şeylər bizi gözləyir. Adaptasiya dövrünü artıq keçmişəm. Rəhbərlik və futbolçular mənə ailədən biri kimi yanaşdılar. Hətta “Neftçi” azarkeşləri məni öz oyunçusu, dəyəri kimi qarşıladı. Bu, adaptasiya dövrümü sürətləndirdi. Gələcək vəd edən işlər start götürüb. Daha yaxşı olacaq. Bu dövrdə mən də olmaq, uğurlarda payımın, əziyyətimin olmasına çalışıram. Ümidliyik və işləyirik.
"Eminin bildirmişdim ki, hisslərdən irəli gəlib De Byaziyə nəsə demək istəyərsən, demə"
- Bayaq qeyd etdin ki, Emin Mahmudov “Neftçi”yə gəlməyinə təkid etdi. O, həm də millinin kapitanıdır. Ona sual vermədin ki, bu təkidi niyə Canni De Byaziyə etmədin?
- Eminlə çox arzularımız olub, onlardan biri də birlikdə oynamaqdır. Millinin başqa məşqçiləri ilə danışanda demişəm ki, onunla millidə oynadığımız dönəmlər çox yaxşı idi. Sadəcə diqqət etmək lazım idi ki, Eminlə oyunda çox yaxşı işlər görə bilirik. Biz elə qovuşmuşduq ki, yenidən ayırdılar. Amma bu fürsət bizə yarandı. Eminin bildirmişdim ki, hisslərdən irəli gəlib De Byaziyə nəsə demək istəyərsən, demə.
- Emin Mahmudovun vaxtı ilə “Qarabağ”a gəlişi gözlənilirdi. Sən də cəhd etmişdin?
- Xırda cəhd etmişdim. Amma perspektiv görmədim deyə deyil, sadəcə maraqlar toqquşmadı deyə, geri çəkildim. Mənim üçün iki tərəfin maraqları daha önəmlidir. Bir tərəfdə klub, digər tərəfdə qardaşım Eminin dəyərləri ortaq olmalıdır. Bəzi şeylər alınmadı deyə, kənarda çəkildim.
- Sirr deyilsə, Eminlə yaxın münasibətiniz nə vaxt yaranıb?
- Emin U-15 yığma komandasına gəlmişdi. İlk mənimlə qalırdı. Rusiyadan gəldiyi üçün uşaqlarla uyğunlaşması yox idi. Amma o vaxtdan bir-birimizə isinmişdik. Birlikdə qalırdıq, səmimi olduq. Çalışırdım onunla danışım ki, adaptasiyası, komandaya uyğunlaşması çətin olmasın. O vaxtdan bu yana münasibətim yaxınlaşdı. Dizində əməliyyat oldu, bir daha qayıtmadı. Sonra Rusiyada oynadı, belə.
ÜRFAN MƏMMƏDZADƏ